KƏND TƏSƏRRÜFATI İSTEHSALÇILARININ ÜMUMRAYON TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlər avqustun 25-də Zaqatala rayonunun Çobankol kəndində kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirakı ilə keçirilən ümumrayon toplantısında müzakirə olunmuşdur.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanov sərəncamdan irəli gələn vəzifələrlə bağlı məruzə etmiş və cari ilin birinci yarısında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının ötən ilin müvafiq dövrünə nisbətən 10,7 faiz, o cümlədən Zaqatala rayonunda 14,5 faiz artdığını vurğulamışdır.
Məruzəçi rayonda taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə danışmış, son iki ildə 5 kənddə özəl toxumçuluq müəssisəsinin, 3 kənddə damazlıq təsərrüfatının yaradıldığını, 11 süni mayalandırma məntəqəsinin fəaliyyətə başladığını söyləmişdir. Dövlətimizin başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, cari ildə rayon üzrə 12,2 min fermerin 925 min manat yardım alacağı qeyd edilmişdir. Bildirilmişdir ki, 2008-ci ildə rayonda əkin sahələri 25 min hektara çatdırılmış, taxıl istehsalı 2,3 dəfə artmışdır.
Tədbirdə çıxış edənlər görülmüş işlər barədə danışmış, kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsinə yönəldilmiş müvafiq sərəncamların aqrar sahənin inkişafına böyük təkan verəcəyini vurğulamışlar.