Kənd təsərrüfatı məhsulu istehsalçılarının vergi münasibətləri necə tənzimlənir?
Bakı, 22 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, 2024-cü il yanvarın 1-dək Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, gəlir vergisindən isə müddətsiz azad edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kənd təsərrüfatı məhsullarının satışı dedikdə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibin dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur. Eyni zamanda, pambığın emalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir və ümumi qaydada vergiyə cəlb olunur.
Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan şəxslər Məcəllədə göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi qanunvericiliyinə əsasən, vergiödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur. Buna əsasən, sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergiödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200 min manat həddinə aid edilmir.