KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Kənd Təsərrüfatı Nazirliyində ölkədə həyata keçirilən aqrar islahatlara dair mətbuat konfransı keçirilmişdir.
Nazir İsmət Abasov ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda yüksək nailiyyətlərin əldə olunduğunu bildirmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzalanmış fərman və sərəncamların əhəmiyyətini vurğulayan nazir demişdir ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” avqustun 21-də imzalanmış Sərəncam dövlətin fermerlərə qayğısının daha bir təzahürüdür. Həmin Sərəncama əsasən ayrılacaq 25 milyon manat vəsaitin 5 milyon manatı buğda toxumu, 10 milyon manatı mineral gübrə, 3 milyon manatı damazlıq heyvanlar alınmasına, 6,5 milyon manatı anbarların inşasına, 500 min manatı isə yol və saxlama xərclərinə sərf ediləcəkdir.
Ərzaq məhsullarına tələbatın tamamilə daxili məhsul hesabına ödənilməsinin ən mühüm vəzifə olduğunu vurğulayan İ.Abbasov demişdir ki, bu il dənli bitkilər istehsalının rekord səviyyədə - 2 milyon 500 min ton olacağı gözlənilir.
Yüksək reproduksiyalı toxumun 65 faizi yerli istehsalın payına düşmüş, yalnız bir hissənin Krasnodar vilayətindən idxalı nəzərdə tutulmuşdur. Gələn ilin məhsulu üçün 620 min hektar sahədə dənli bitkilər əkiləcəkdir.
Nazir KİV nümayəndələrinin suallarına da cavab vermişdir.