KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN MÜTƏXƏSSİSLƏRİ ASTARANIN HEYVANDARLIQ TƏSƏRRÜFATLARINDA YOXLAMALAR APARMIŞLAR
Dövlət Baytarlıq Xidmətinin bölmə müdiri Kliment Əsədov yoxlamanın nəticələri barədə AZƏRTAC-ın müxbirinə məlumat verərək bildirmişdir ki, oktyabrın 15-dən başlayaraq Astara rayonunda qaramalda dabaq xəstəliyi əleyhinə peyvənd kampaniyasına başlanmışdır. Bu məqsədlə rayona 37 min dozalıq vaksin gətirilmişdir. İndiyədək rayonun heyvandarlıq təsərrüfatlarında 35000 qaramal peyvənd olunmuşdur.
Astara rayonunda qaramal arasında dabaq xəstəliyinin olması barədə yayılan xəbərə münasibətini bildirən nazirliyin məsul işçisi qeyd etmişdir ki, heç bir xəstəlik yoxdur. Sadəcə, peyvənddən sonra bəzi heyvanlarada 1-3 gün ərzində ümumu zəiflik, hərarətin artması, iştahanın azalması, peyvənd olunan yerin şişməsi halları müşahidə edilir ki, bu da xüsusi müalicə tələb etmir. Rayonun bəzi fərdi heyvandarlıq təsərrüfatlarında peyvənddən sonra belə hallar müşahidə olunduğuna görə mal-qara sahibləri təlaşa düşmüşlər.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, yoxlama zamanı Astara rayonunun heyvandarlıq təsərrüfatlarında dabaq xəstəliyi müşahidə olunmamışdır.