REGİONLAR
Kəngərli rayonunda qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib
Kəngərli, 16 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun kənd icra nümayəndələri, bələdiyyələr və digər müəssisə təşkilat rəhbərlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə iştirakçılar yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlərlə bağlı məlumatlandırılıb.
Kəngərli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Ağa Seyidov çıxışında günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət mayoru Hasil Məmmədov isə iştirakçılara payız-qış mövsümünə hazırlıqla bağlı nazirlik tərəfindən idarə, müəssisə və təşkilatların həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər barədə söz açıb. O, qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında iştirakçılara tövsiyələr verib.
Sonra Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət kapitanı Natiq Hüseyinli və Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Şöbəsinin Texniki tənzimləmə işinin təşkili sektorunun müdiri Aydın Quliyev yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı görülmüş işlər barədə danışıblar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Toğrul Mustafayev payız-qış mövsümünə hazırlıqla bağlı rayon Polis Şöbəsinin və Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və israfçılıq hallarının qarşısının alınması məqsədi ilə görülmüş tədbirlər, həmçinin qaz və elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına yol verilməməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slayd və videoçarx nümayiş olunub.