İQTİSADİYYAT
KİÇİK VƏ ORTA SAHİBKARLAR ÜÇÜN İNTERNET PORTALI YARADILIR
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin icrasına kömək məqsədi ilə KOS-NET internet portalı yaradılır. Bu internet xidmətinin yaradılması Azərbaycanda fəaliyyət göstərən sahibkarlar barədə məlumatların əldə edilməsində, onlar tərəfindən istehsal olunan məhsulların daxili və xarici bazarlarda tanınmasında, investisiyaların cəlb olunmasında, xarici sərmayədarlar üçün daxili bazarın öyrənilməsində, yerli və xarici iş adamları arasında əməkdaşlığın yaradılmasında, kişik, orta və iri sahibkarlar arasında kooperasiya əlaqələrinin qurulmasında böyük əhəmiyyəti olacaqdır. KOS – NET internet xidməti vasitəsilə sahibkarlıq subyektlərinə ödənişsiz elektron poçt (E-mail) ünvanlarının verilməsi, 7 dildə hazırlanmış veb səhifəni bütün dünyaya tanıtmaq kimi xidmətlər göstəriləcəkdir.
Yaradılacaq portal Türkiyənin vasitəçiliyi ilə beynəlxalq mərkəzləşdirilmiş portala çıxış əldə edəcəkdir. Həmin portal özündə 100-dən çox ölkənin 25 milyona yaxın sahibkarlıq subyekti barədə məlumat və təklifləri əhatə edir.