Kiçikhəcmli gəmilərin sürücülərinə təhlükəsizlik qaydaları izah edilib
Bakı, 2 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə kiçikhəcmli gəmi istifadəçiləri üçün mayın 2-də maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Su Anbarında “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı, təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Kiçikhəcmli gəmilərin sürücüləri naviqasiya cihazları, fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndiriliblər.
Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanıb.