Kimya İnstitutunun əməkdaşı Fırat Universitetində tədqiqat aparıb
Bakı, 28 avqust AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşı Pərvanə Babayeva dissertasiya işi çərçivəsində bir ay müddətində Türkiyənin Fırat Universitetində elmi-tədqiqat səfərində olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, Fırat Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində professor Mehmet Deniz Turanın elmi rəhbərliyi ilə Hidrometallurgiya və filizlərin zənginləşdirilməsi laboratoriyasında tədqiqatlar aparıb.
Tədqiqatçının dissertasiya mövzusu “Alunit filizinin emalı zamanı kənar qarışıqların (Fe, Ti, Si, P) təmizlənməsinin fiziki-kimyəvi aspektləri”dir. Tədqiqat alunit filizinin emalı zamanı filizin tərkibində mövcud olan dəmir (Fe), titan (Ti), silisium (Si) və fosfor (P) kimi kənar komponentlərin təmizlənməsi proseslərinin elmi əsaslarının araşdırılmasına yönəlib. Səfərin yekununda Fırat Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamenti tərəfindən Pərvanə Babayevaya “Elmi tədqiqat səfəri”ni təsdiq edən sertifikat təqdim olunub.