ELM VƏ TƏHSİL
Kimyaçı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Bakı, 21 aprel, AZƏRTAC
Polimer Materialları İnstitutunun Yüksək şaxələnmiş polimerlər laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanovanın məqaləsi “American Journal of Engineering Research” nəşrində dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ingilis dilində “Şaxəli quruluşa malik yeni epoksisulfoimid qatranı əsasında termiki davamlı kompozisiya” adlı məqalə müvafiq tədqiqatın nəticələrinin müzakirəsinə həsr olunub. Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, hazırlanan kompozisiya materialı ED-20 sənaye qatranı əsasında alınan materialla müqayisədə daha yüksək termiki və fiziki-mexaniki göstəricilərə malik olur.
Qeyd edək ki, “American Journal of Engineering Research” dünyanın nüfuzlu jurnallarından sayılır və impakt faktoru 7.2-dir.