Kimyaçı alimlər yanacaqlar üçün yeni növ antioksidantların yaradılmasında mühüm nəticələr əldə ediblər
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) alimləri - akademik Vaqif Fərzəliyev, dosentlər Əfsun Sucayev, İradə Rzayeva və Bakı Dövlət Universitetinin (BDU) alimləri - akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorantlar Arzu Sadiqova və Leyla Vəliyevanın apardıqları müştərək tədqiqatların nəticələri ilə bağlı hazırladıqları növbəti məqalə impakt faktorlu, nüfuzlu xarici jurnalda dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Tətbiqi neft-kimya tədqiqatları” (Applied Petrochemical Research) jurnalında dərc olunan məqalə yanacaqların istismar xassələrini yaxşılaşdıran yeni növ antioksidantların yaradılmasına həsr edilib. Maddələrin sintezi BDU-nun Zərif üzvi sintez laboratoriyasında, onların yanacaqların oksidləşməsinin qarşısını alan xassələrinin tədqiqi isə AKİ-nin Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasında yerinə yetirilib.
Xatırladaq ki, məşhur “Springer” nəşriyyatının dərgisi olan “Applied Petrochemical Research” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.