“Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib
Bakı, 1 may, AZƏRTAC
BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” elan edilməsi ilə əlaqədar olaraq, AMEA-nın illik ümumi yığıncağı çərçivəsində D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövri Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunlarından biridir” mövzusunda məruzə ilə çıxış edib.
Akademik bildirib ki, 2017-ci ilin noyabrında UNESCO-nun Parisdə keçirilən 39-cu Baş Konfransda Rusiya Elmlər Akademiyası, Rusiya Xarici İşlər Nazirliyi və D.İ.Mendeleyev adına Rusiya Kimya Cəmiyyəti 1869-cu ildə D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövri Qanunu”nun kəşf etməsi şərəfinə 2019-cu ili “Dövri Sistemin Beynəlxalq İli” kimi elan edilməsi haqqında təşəbbüs qaldırıb. BMT Baş Assambleyası bu təşəbbüsü dəstəkləyərək 2019-cu ili “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” edib.
Məruzəçi D.İ.Mendeleyevin təklif etdiyi Kimyəvi Elementlərin Dövri Sisteminin təbiətin fundamental qanunu kimi dəyərləndirilməsinin əsas səbəblərindən danışıb. Nəzərə çatdırıb ki, Dövri sistemin prioritetinin kimə məxsus olması uzun illər mübahisələrə səbəb olub. Bəzi ölkələrdə D.İ.Mendeleyevin adı cədvələ yazılmasa da, başqa alimin adının yazmasına cürət edilməyib. Çünki D.İ.Mendeleyevin dahiliyi müasirlərindən fərqli olaraq hələ məlum olmayan elementlər üçün də Dövri cədvəldə boş yer saxlaması və onların xassələri haqqında dəqiq proqnozlar verməsi idi. Sonrakı illərdə kəşf edilən yeni elementlərin xassələrinin bu proqnozlara uyğun gəlməsi Dövri cədvəlin doğruluğunu sübut edib.
Alim bildirib ki, Dövri cədvəl kimyəvi elementləri sistemləşdirməklə yanaşı, fizika, kimya, biologiya, geokimya, kristalloqrafiya, astrofizika və digər elmlərin də inkişafında mühüm rol oynayır. Dövri sistem haqqında çoxsaylı kitablar və məqalələr yazılmasına baxmayaraq, onun mahiyyətinin bəzi incəlikləri indiyə qədər tam açılmayıb. XX əsrdə Dövri cədvəl bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib. Dövri cədvəlin yüzlərlə yeni variantı təklif edilsə də, kəşfin əsas ideyası D.İ.Mendeleyevə məxsus olub.
Akademik Dilqəm Tağıyev Dövri sistemlə əlaqədar bəzi məsələlər, fiziki və riyazi təkamül mərhələləri, nəzəri kimya üçün gələcək tədqiqatlara təkan verə biləcək paradiqmaların dəyişməsi, Dövri cədvəldə elementlərin maksimal sayı haqqında da maraqlı fikirlər səsləndirib. O, həmçinin Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədli sintezi sahəsində axtarışlarda Dövri cədvəlin mühüm rolundan danışıb. Akademik AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında qısa məlumat verib.
Məruzə ətrafinda çıxış edən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov ağır və ifrat ağır elementlərin sintezi, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov Dövri sistemin kimya təhsilində rolu və D.İ.Mendeleyevin təhsil haqqında fikirləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor Yunis Qəhrəmanov Dövri sistemin yeni kimya texnologiyalarının yaradılmasında əhəmiyyəti haqqında danışıblar.