KİNOOPERATOR TEYYUB AXUNDOVUN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, “İbrus” teatrında kinooperator, əməkdar incəsənət xadimi Teyyub Axundovun xatirə gecəsi keçirilmişdir.
Dövlət Film Fondunun və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdikləri gecədə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyev T.Axundovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş istedadlı kino işçisi Teyyub Axundovun yaradıcılığını milli operatorluq məktəbimizin parlaq səhifəsi adlandırmışdır.
Bildirilmişdir ki, T.Axundov 15 yaşında ikən “Azərbaycanfilm” kinostudiyasına gəlmiş və burada təsadüfən böyük dramaturqumuz Cəfər Cabbarlı ilə görüşmüşdür. Sonradan kinostudiyada işıq ustası işləyən T.Axundov ömrünü həmişəlik kino sənəti ilə bağlamağı qərara almışdır. Teyyub Axundov müharibə illərində Rumıniya, Macarıstan, Çexoslovakiyada gedən döyüşlərin əksəriyyətini kameranın yaddaşına köçürmüşdür. Bu hərbi kinoxronika kadrları qiymətli sənət nümunələri kimi Dövlət Film Fondunda mühafizə olunur.
Müharibədən sonra T.Axundov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olmuş və bu ali təhsil ocağında seçdiyi peşənin sirlərinə yiyələnmişdir. O, bir neçə nəslin sevə-sevə baxdığı 20-yə yaxın filmin çəkilişində iştirak etmişdir. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Romeo mənim qonşumdur”, “Qatır Məmməd”, “Görüş” və T.Axundovun çəkdiyi digər filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edimişdir.
Xatirə gecəsində T.Axundovun çəkdiyi filmlərdən kadrlar göstərilmişdir.