Kitabxanada QİÇS və HCV ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) QİÇS və Hepatit C virusu (HCV) ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov XX əsrdə bəşəriyyətin qarşılaşdığı bu xəstəliklərin tarixindən, müalicə və mübarizə üsullarından danışıb.
Bildirilib ki, İnsanın İmmun Çatışmazlığı Virusu və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) insanla doğulan və ona xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
N.Zülfüqarov qeyd edib ki, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq, ana və uşağın İİV-ə yoluxmasını tamamilə aradan qaldırmaq, İİV-li insanlara qarşı diskriminasiya hissini yox etmək hazırda qarşıya qoyulan əsas məqsədlərdəndir. QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq üçün onların hamısını müalicəyə cəlb etmək lazımdır. İİV-ə yoluxan bütün xəstələrə dərmanlar dövlət tərəfindən pulsuz verilsə də, lakin bəzi xəstələr bu müalicədən yayınırlar. Ancaq Azərbaycanda İİV/QİÇS-li xəstələrin müalicəsi üçün bahalı və daim aparılması tələb olunan antiretrovirus terapiyasına (ARV) cəlb edilənlərin sayı artıb.
Sonra N.Zülfüqarov Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin yekunlarına görə Azərbaycanda İİV və QİÇS problemi ilə əlaqədar statistik məlumatlarını iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilir. Respublikada bu xəstəliklərlə mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.
Daha sonra Hepatit C Virusu (HCV) haqqında məlumat verən N.Zülfüqarov virusun bu günə qədər tapılmış altı hepatit virusdan biri olduğunu deyib. Qeyd olunub ki, HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir. Virus qan vasitəsilə yayılır, qaraciyərdə və qanda aşkarlanır. HCV qaraciyərə gizlicə zərbə vura bilən bir virusdur və ona yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayət olmur. Vaxt keçdikcə, Hepatit C tədricən qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ya sirroza gətirib çıxara bilir. C hepatitinə qarşı heç bir vaksin yoxdur. Amma infeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilir və pasiyentlərin antivirus dərmanlarının uzunmüddətli kursu ilə virusdan təmizlənməsi mümkündür. Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə maarifləndirmə işləri aparılır.
Sonda N.Zülfüqarov iştirakçıların suallarını cavablandırıb.
Tədbir iştirakçılarına İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylanılıb.
QİÇS Mərkəzi və MEK-in əməkdaşlığı çərçivəsində növbəti həftə mərkəzin həkimlərdən ibarət səyyar briqadası tibbi məsləhətlər vermək və kitabxananın işçilərini könüllü müayinə etmək məqsədilə birgünlük aksiya keçirəcək.