KİV: “Taliban” hərəkatı bütün Əfqanıstana nəzarət edir
Bakı, 15 avqust, AZƏRTAC
“Taliban” hərəkatının nümayəndələri Kabildə döyüş əməliyyatları aparmadıqlarını, lakin artıq bütün Əfqanıstana nəzarət etdiklərini bildirirlər.
AZƏRTAC Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, avqustun 15-də taliblər daha iki əyalətin - Bamian və Kapisanın mərkəzi şəhərlərini tutub. Onlar geri çəkilən hökumət qüvvələrindən qalmış silah-sursatı da qənimət olaraq ələ keçirib. Şahidlərin sözlərinə görə, taliblər iyul ayının əvvəlində amerikalı hərbçilərin Əfqanıstan ordusuna təhvil verdiyi ölkənin ən iri aviasiya bazası “Baqram” hava limanda da görünüb.
Hazırda “Taliban” hərəkatının nümayəndə heyəti Kabildəki prezident sarayında ölkə hakimiyyəti ilə hakimiyyətin ötürülməsi barədə danışıqlar aparır. Razılaşmaya əsasən, Əfqanıstanda keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri və Berlindəki sabiq səfir Əli Əhməd Cəlali rəhbərlik edəcək. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni hələlik səlahiyyətlərini təhvil verməyib.
Bu gün səhər saatlarında “Taliban” hərəkatının Kabili hər tərəfdən mühasirəyə aldığı barədə məlumatlar yayılıb. Artıq şəhərin qərb hissəsində yerləşən Kabil universiteti taliblərin nəzarətinə keçib. Hərəkatın rəsmi nümayəndəsi Zabiullah Mücahidin sözlərinə görə, taliblərə Kabilin mərkəzinə hücum etməmək əmr olunub. Hazırda “Taliban” hərəkatı şəhərə döyüşsüz girmək imkanları barədə hakimiyyət nümayəndələri ilə danışıqlar aparır.
Əfqanıstanın daxili işlər naziri vəzifələrini icra edən Əbdül Səttar Mirzəkval hakimiyyətin dinc yolla ötürüləcəyini bildirib. Məlumata görə, hakimiyyətin fəaliyyətdə olan hökumətdən keçid dövrü administarsiyasına ötürülməsi bu gün ölkə paytaxtındakı prezident sarayında baş tutacaq.