KİYEV KONFRANSI AZƏRBAYCANIN VƏ UKRAYNANIN TARİXİNDƏ PARLAQ İCTİMAİ-SİYASİ VƏ ELMİ HADİSƏDİR
Aprelin 15-də Ukrayna paytaxtında, Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Prezidentinin yubileyinə həsr olunmuş “Azərbaycan-Ukrayna: strateji tərəfdaşlığın inkişaf perspektivləri” mövzusunda beynənlxalq elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin, Ukrayna Milli Elmlər Akademiyasının, Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının, KMU-nun Beynəlxalq Münasibətlər İnstitutunun, Ukrayna Təhlükəsizlik Xidməti Akademiyasının və Kiyev Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə keçirilən bu beynəlxalq forum Azərbaycanın və Ukraynanın ictimai-siyasi və elmi həyatında parlaq hadisəyə çevrilmişdir.
Ukrayna Prezidenti Leonid Kuçma, Ali Radanın sədri Vladimir Litvin, Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərov konfrans iştirakçılarına təbrik məktubları göndərmişlər.
Konfransı giriş sözü ilə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev açdı.
Çıxış edənlərin hamısı Azərbaycan Prezidenti Heydər Əliyevin respublikamızla Ukrayna arasında dostluq tellərinin möhkəmləndirilməsində böyük xidmətlərindən danışaraq, dövlətimizin başçısının təkcə ölkəmizin inkişafı və tərəqqisindəki rolunu deyil, həm də dünya miqyaslı siyasətçi kimi, regionda sülhün və sabitliyin bərqərar olunmasında misilsiz töhfəsini xüsusi vurğuladılar.
Milli Məclisin deputatları A.Abbasov, V.Abdullayev, V.Timoşenko bu qeyri-adi şəxsiyyətin fəaliyyətinin müxtəlif cəhətlərindən söhbət açdılar. Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru V.Luqovoy isə xoş xəbər verərək bildirdi ki, Prezident Heydər Əliyev ikitərəfli münasibətlərin inkişafına böyük töhfəsinə görə Elmi şuranın qərarı ilə Fəxri doktor adına layiq görülmüşdür.
Konfransda Azərbaycan və onun şəksiz lideri haqqında çoxlu xoş sözlər deyildi. Akademik, xalq deputatı İ.Kuras dövlətimizin başçısını onu nadir insan, müdrik və uzaqgörən siyasətçi, Ukrayna xalqının səmimi dostu kimi səciyyələndirdi. Ukrayna parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri B.Oleynik isə bunun təsdiqi olaraq, ölkənin ağır günlərində Heydər Əliyevin güzəştli şərtlərlə dizel yanacağı göndərilməsi barədə şəxsən sərəncam verməsini, onun təkcə iqtisadi əməkdaşlığın deyil, həm də xalqlarımız arasında mənəvi əlaqələrin daha da genişləndirilməsinin fəal tərəfdarı olduğunu xatırlatdı.
Türkiyənin və Gürcüstanın Kiyevdəki səfirləri Azərbaycanın bir sıra ölkələrlə hərtərəfli dostluq münasibətlərinin möhkəmləndirilməsində və inkişafında Prezident Heydər Əliyevin müstəsna rolundan söhbət açdılar.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru, professor S.Qəndilovun məruzəsini də böyük maraqla qarşıladılar. O, milli liderimizin həyatının və siyasi fəaliyyətinin başlıca mərhələləri üzərində ətraflı dayanaraq, Heydər ƏLiyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışıının, onun quruculuq, islahatçılıq istedadının və fəaliyyətinin millətimiz üçün gözlənilməz olmadığını vurğuladı. Belə ki, hələ 1969-cu ildə - respublikanın keçirdiyi durğunluq dövründə hakimiyyət sükanını idarə etməyə başlayan Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-də ön mövqelərə çıxarmışdı.
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, professor R.Mustafayev vurğuladı ki, Azərbaycan öz liderinin rəhbərliyi altında irəlilədiyi demokratiya yolundan dönməyəcəkdir.
Ali Radanın deputatı, Ukrayna parlamentinin AŞPA-dakı nümayəndə heyəti başçısının müavini, Ukrayna-Azərbaycan parlament qrupunun başçısı A.Raxanski isə çıxışında xatırlatdı ki, Azərbaycan Prezidenti ilə hələ 1984-cü ildən, o, SSRİ-nin rəhbərlərindən biri olan vaxtdan tanışdır, Heydər Əliyevin layiqli oğlu, AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyevlə tez-tez görüşür, aralarında səmimi münasibətlər yaranmışdır.
Həm Azərbaycan tərəfindən çıxış edənlər, həm də digər natiqlər Dağlıq Qarabağ münaqişəsindən, erməni təcavüzü ilə bağlı problemdən ürək ağrısı ilə danışaraq, Ermənistan Respublikasını, əslində, peşəkar terrorçular ölkəsi adlandırdılar. Məhz bu amil daha da irəliləməkdə, tərəfdaş dövlətlərlə bütün sahələrdə əlaqələrini dərinləşdirməkdə və genişləndirməkdə Azərbaycana mane olur. Tarix elmləri namizədi, dosent, Ukrayna Təhlükəsizlik Xidməti Milli Akademiyasının baş elmi işçisi D.Vedeneyevin çıxışı bu baxımdan çox aktual səsləndi. O, Heydər Əliyevin hələ 1960-cı illərdə Azərbaycan KP MK-nın plenumlarından birində Daşnaksutyun partiyasının xaricdəki mərkəzləri tərəfindən respublikamıza qarşı ekstremizmin gücləndirilməsindən narahatlıqla danışdığını xatırlatdı.
Konfransda Heydər Əliyevin düşünülmüş və uzaqgörən neft strategiyasından da ətraflı söhbət getdi.
Foruma toplaşanlar Dunay ilə Dneprin birləşdirilməsi kimi perspektivsiz və cəfəng layihənin məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində həyata keçirilmədiyi barədə məlumatı maraqla qarşıladılar. Bildirildi ki, Ukraynada bir çox sənaye müəssisələri, sosial və mədəni obyektlər də məhz Heydər Əliyevin sayəsində tikilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna xalqı qarşısında məhz bu xeyirxah əməllərinə, görkəmli xidmətlərinə görə Yan Tabaçnikin Beynəlxalq Yaradıcılıq Mərkəzi Ali Şurasının “Şərəf ordeni” mükafatına layiq görülmüşdür. Ukraynanın xalq artisti, maestro Yan Tabaçnik ölkəmizin Ukraynadakı səfirindən bu mükafatı görkəmli siyasətçi və gözəl insan olan Heydər Əlirza oğlu Əliyevə çatdırmağı xahiş etdi.
Sonra konfransda Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası arasında niyyət protokolu, habelə Bakı Dövlət Universiteti ilə Dnepropetrovsk Milli Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.
Konfrans çərçivəsində Kiyev vilayətindəki İrpen şəhərində yaşayan şair Natalya İsrafilova-Lyaşenkonun akademik Zərifə Əliyevanın yubileyinə həsr etdiyi “Qanadlar. Azərbaycan - mənim taleyim” kitabının təqdimat mərasimi keçirildi. Natalya xanıma isə İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən və Azərbaycan, ingilis dillərində buraxılmış “O, böyük siyasətə hazırdır” kitabı təqdim olundu.
Elə orada daha bir kitabla - “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” kitabı ilə tanışlıq oldu. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, MEA rəyasət heyətinin üzvü Cəlal Əliyevin təşəbbüsü ilə yaradılan bu müxtəsər ensiklopediyanın müəllifi siyasi elmlər doktoru, professor Rövşən Mustafayevdir.
Beynəlxalq konfransın sonunda Azərbaycan xalqına müraciət qəbul olundu.