Kiyev vilayətində çoxmərtəbəli yaşayış binası raketlə vurulub, dağıntılar var
Kiyev, 23 noyabr, AZƏRTAC
Rusiya ordusunun Kiyev bölgəsinə endirdiyi raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə infrastruktur obyektinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib.
“Bölgədə yaşayış sektoru və infrastrukturun vacib obyektlərinə zərbələr endirilib”, - deyə Kuleba bildirib.
Bundan əlavə, Kiyev vilayətinin Milli Polis İdarəsinin rəisi Andrey Nebitov yaşayış binasına düşən raketin nəticələrini əks etdirən kadrları yayıb. Orada zərbədən sonra yanğın başlayıb.
Dağıntılar zamanı xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, paytaxt Kiyevdə də partlayış səsləri eşidilib. Paytaxtın sol sahilində elektrik enerjisinin verilişində ciddi problem yaranıb.
Kiyevin meri Vitali Kliçko paytaxtın infrastruktur obyektlərindən birinin raket zərbəsindən ciddi zərər gördüyünü açıqlayıb.
İlkin məlumata görə, ölkənin bir çox bölgələrində, o cümlədən Poltova, Dnepropetrovsk, Odessa, Çerkası, Jitomir, Lvov, Kiyev vilayətlərində Ukraynanın havadan müdafiə sistemləri işləyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev