Kiyevdə Azərbaycandan olan gənc həkimlərin və gələcək həkimlərin I Beynəlxalq konfransı işə başlamışdır
Kiyev, 27 mart (AZƏRTAC). Martın 27-də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin “Naxçıvan” salonunda Ukraynada yaşayan azərbaycanlı gənc həkimlərin və Ukraynada təhsil alan gələcək həkimlərin I Beynəlxalq konfransı işə başlamışdır.
Tədbir Ukraynada yaşayan Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) tərəfindən ölkəmizin diplomatik nümayəndəliyinin dəstəyi ilə təşkil edilmişdir.
Əvvəlcə konfransın təşkilatçıları və çoxsaylı iştirakçıları səfirliyin yaxınlığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu adını daşıyan parkda ona ucaldılmış abidənin önünə tər çiçəklər qoymuşlar. Ukrayna paytaxtının ən gözəl və səliqəli parklarından biri ilə tanışlıq qonaqlara unudulmaz təsir bağışlamışdır.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş salonda keçirilən tədbirin rəsmi hissəsini ölkəmizin Kiyevdəki səfiri Eynulla Mədətli açmışdır. Diplomat konfrans iştirakçılarını səmimi salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın səhiyyə sistemində aparılan dərin islahatlar, ölkənin hər yerində istifadəyə verilən diaqnostika mərkəzləri, tibb müəssisələri, ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar barədə məlumat vermişdir. Səfir vurğulamışdır ki, Azərbaycanda yüksək ixtisaslı tibbi kadrlar hazırlanmasına, perspektivli və istedadlı tələbələrin xarici ölkələrin, o cümlədən Ukraynanın müvafiq profilli tanınmış ali məktəblərində təhsil almağa göndərilməsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar, hazırda Azərbaycandan olan 745 tələbənin Ukraynanın tibbi profilli ali məktəblərində təhsil aldığını bildirən diplomat bizim tələbələrə səfirlik tərəfindən kömək və dəstək təklif etmişdir.
UAGİ-nin və onun rəhbəri Anar Tahirovun kreativ və çoxtərəfli fəaliyyətinə, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin sponsorluq və xeyriyyəçilik fəaliyyətinə yüksək qiymət vermiş səfir E.Mədətli çıxışının sonunda vurğulamışdır ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü, onun suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
A.A.Boqomolets adına Ukrayna Milli Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Yekaterina Amosova, Ukrayna Səhiyyə Nazirliyinin nümayəndəsi Natalya Morozova, Ukrayna Tibb Elmləri Akademiyasının elmi katibi, professor Vladimir Mixnev və başqaları Ukrayna ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin bilik səviyyəsini, onların fəal həyat mövqeyini yüksək qiymətləndirmiş, bizim gəncləri diplomdan sonrakı təhsil üçün də gözlədiklərini vurğulamışlar.
Ukrayna tərəfi bu ölkənin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəklədiyinə görə Azərbaycan səfirinə səmimi təşəkkür etmişdir.
Almaniyadakı Azərbaycanlı Həkimlər Assosiasiyasının rəhbəri Vüqar Yaquboğlu konfrans iştirakçılarını salamlamışdır.
Tədbirin rəsmi hissəsinin sonunda səfir professor Aydın Salmanovun Kiyevdə rus dilində yenicə çapdan çıxmış, müəllifin xeyirxah müəllimi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə ithaf etdiyi “Cərrahiyyədə risklərin idarə edilməsi” adlı kitabını konfrans iştirakçılarına təqdim etmiş, çıxış üçün müəllifə söz vermişdir.
Aydın Salmanov dünya şöhrətli alim, böyük ürək sahibi Zərifə xanım haqqında səmimi xatirələrini bölüşmüş, bu kitab üzərində iki il işləməsini qeyd etmiş və bildirmişdir ki, akademik Zərifə Əliyevanın fəaliyyətinə həsr olunmuş daha bir kitab yazacaqdır.
Təqdimatı gedişində müəllif və səfir bu kitabın nüsxələrini ukraynalı dostlara bağışlamışlar.
Sonra konfrans öz işini “Tibbi təhsildə rezidentura sistemi”, “Xaricdə işləyən azərbaycanlı həkimlərin peşəkar əməkdaşlıq yolları” və “Gələcək planlar” panellərində davam etdirmiş, gənc həkimlər və tibbi ixtisaslar üzrə təhsil alan tələbələr üçün kommunikativ platforma yaradılması məsələləri, müasir təbabətdə yeni tendensiyalar və başqa aktual mövzular müzakirə olunmuşdur.
Konfransın təşkilatçıları əmindirlər ki, bu tədbir yüksək standartların formalaşmasına kömək edəcək və Azərbaycan səhiyyə sisteminin inkişafına töhfə verəcəkdir.
Konfransda azərbaycanlı diplomatlar, ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin top-menecerləri, Azərbaycan, Ukrayna, Almaniya, Türkiyə və Rusiyanın tibbi profilli ali məktəblərinin tələbələri, gənc həkimlər, səhiyyə işçiləri, tanınmış professorlar və profil sahənin görkəmli xadimləri iştirak edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev