KİYEVDƏ QİƏT ÖLKƏLƏRİ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələri xarici işlər nazirləri Şurasının 18-ci iclası keçiriləcəkdir. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcəkdir.
Forum ərəfəsində Ukrayna XİN-in mətbuat klubunda nazirliyin iqtisadi əməkdaşlıq departamentinin direktoru Sergey Korsunskinin mətbuat konfransı keçirilmişdir. Diplomat bildirmişdir ki, Şuranın budəfəki iclası Ukraynanın QİƏT-də yarımillik sədrliyinin yekunlarına həsr olunmuşdur. Xatırladaq ki, Ukrayna təşkilata ötən ilin noyabrından bu ilin aprelinədək başçılıq etmişdir.
S.Korsunskinin sözlərinə görə, görüş çərçivəsində QİƏT ilə Avropa İttifaqı arasında əməkdaşlıq, bir sıra ölkələrə müşahidəçi statusunun verilməsi və Kiyev bəyannaməsinin qəbul edilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır. İclasdan əvvəl “üçlük” - Türkiyə (əvvəlki sədr), Ukrayna (hazırkı sədr) və Albaniya (sədrliyi qəbul edəcək ölkə) formatında xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir.
Diplomat Ukraynanın təşkilata sədrlik etdiyi dövrdə keçirilən tədbirləri, o cümlədən QİƏT ölkələrinin Bank forumunu, Odessa limanının və onun digər Qara dəniz ölkələri üçün imkanlarının təqdimatına həsr olunmuş ilk zirvə görüşünü xatırlatmışdır. O demişdir ki, ilk dəfə Qara dəniz ölkələri universitetləri rektorlarının qurultayı təşkil olunmuş, 2007-ci ildə Kiyevdə keçirilən təhlükəsizlik üzrə forumun əsas mövzusu isə regionda “dondurulmuş” münaqişələrin ekspertlər səviyyəsində müzakirəsi olmuşdur. Avropa İttifaqı və Qara dəniz ölkələrinin xarici işlər nazirlərinin QİƏT ilə Avropa İttifaqı arasında dialoqun əsasını qoymuş görüşü mühüm hadisəyə çevrilmişdir. Bundan əlavə, gömrük orqanları rəhbərlərinin, nəqliyyat, energetika nazirlərinin görüşləri olmuş, işgüzar və xüsusi qruplar səviyyəsində 30-a yaxın müxtəlif tədbir keçirilmişdir.
O, Ukraynanın QİƏT-in gömrük məsələləri üzrə işçi qrupuna sədrlik etmək təklifini irəli sürdüyünü də söyləmişdir. Diplomat vurğulamışdır ki, QİƏT-in strateji istiqaməti Avropa İttifaqı ilə səmərəli münasibətlər qurmaqdır.
S.Korsunski KİV nümayəndələrinin diqqətini QİƏT çərçivəsində həyata keçirilməsi vacib olan iki böyük layihəyə cəlb etmişdir. Bu, Qara dəniz ətrafında “Qara dəniz dairəsi” nəqliyyat magistralının tikintisi və dəniz nəqliyyat yollarının inkişaf etdirilməsidir. Yaponiyanın QİƏT Katibliyinə müşahidəçi statusu ilə bağlı müraciət etdiyi də bildirilmişdir. Məlum olduğu kimi, QİƏT-in 12 üzvü var. Bunlar Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan, Moldova, Rusiya, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistandır.
ABŞ, Avstriya, Almaniya, Fransa, Polşa, Xorvatiya, Slovakiya, Çexiya, İtaliya, Misir, İsrail, Tunis isə təşkilatda müşahidəçi statusuna malikdirlər.