Kliniki Tibbi Mərkəzdə TIVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
Kliniki Tibbi Mərkəzdə (KTM) tibb sahəsində ən müasir texnologiya hesab olunan TIVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Almaniyanın ZEISS şirkətinin istehsalı olan həmin mikroskop Qafqaz ölkələrində Gürcüstandan sonra ilk dəfə Azərbaycanda - Kliniki Tibbi Mərkəzdə istifadəyə verilib. Bundan sonra ölkəmizdə ən mürəkkəb beyin və onurğa əməliyyatları məhz həmin mərkəzdə icra ediləcək.
Əməliyyatlar zamanı yüksəkkeyfiyyətli görüntü əldə edə bilən cihaz cərrahi prosesin ən az xəsarətlərlə icra edilməsinə və hədəfin üç min dəfəyə qədər böyüdülməsinə imkan yaradır. Bununla yanaşı, əməliyyatların gedişatında foto və ya video çəkmək, görüntüləri yaddaşa köçürmək, görüntüləri toplantı salonlarına canlı olaraq ötürmək cihazın unikal göstəriciləridir.
Artıq Kliniki Tibbi Mərkəzdə TIVATO 700 mikroskopu vasitəsilə ilk neyrocərrahi əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, mərkəz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir tibbin ən son texnoloji avadanlıqları ilə təchiz edilir.