CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzə zəhərlənmə şübhəsi ilə bağlı 828 nəfər müraciət edib
Bakı, 4 noyabr, AZƏRTAC
Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə şübhəsi ilə bağlı 828 nəfər müraciət edib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərkibində olan Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, zəhərlənmə ilə bağlı müraciət edənlərdən 140 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü spirtli içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda, onlardan 2-sini ilan, 1-ni isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, dərman zəhərlənməsindən 2 nəfər, sirkə turşusundan 3 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.
Əgər zəhərlənmə inkişaf edərsə, onu ev şəraitində müalicə etmək məsləhət görülmür. Bu zaman mütləq zəhərlənən şəxs tibb müəssisəsinə yerləşdirilməli və ona tibbi yardım göstərilməlidir.
Unutmayın ki, təmizliyə riayət etməklə, qidanı emal edərkən düzgün temperaturda bişirməklə, bişən və çiy məhsulların təmasını kəsməklə, təhlükəsiz saxlanılma qaydalarına riayət etməklə qida zəhərlənmələrinin qarşısını almaq mümkündür.