KOB-ların iqtisadiyyatda rolunun artırılması üzrə hədəflərin reallaşdırılmasında aqrobiznes əhəmiyyətli rol oynaya bilər
Bakı, 21 dekabr, AZƏRTAC
KOB-ların iqtisadiyyatda rolunun artırılması üzrə hədəflərin reallaşdırılmasında aqrobiznes əhəmiyyətli rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Aqrobiznesin İnkişafı Forumundakı çıxışı zamanı məlumat verib.
O bildirib ki, KOBİA aqrar sektorda sahibkarlığın inkişafına xüsusi önəm verir. Müxtəlif sərgi və yarmarkalarda iştirak, satış bazarlarına çıxış, təlimlər, təcrübə mübadiləsi proqramları, infrastrukturun inkişafı, şəbəkələşmə və sair istiqamətlər üzrə aqrar sektorda biznes fəaliyyəti KOBİA tərəfindən təşviq edilir. Agentlik müxtəlif sektorlarda, o cümlədən aqrobiznes sahəsində fəaliyyət göstərən sahibkarlara daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək üzrə qrantların verilməsi, KOB inkişaf mərkəzləri vasitəsilə təlim və məsləhət xidmətləri, “Startap” şəhadətnaməsi və sair mexanizmlər çərçivəsində dəstək göstərir.