KOICA tərəfindən Təhsil Nazirliyinə Məlumat Mərkəzi avadanlıqları hədiyyə edilib
Bakı, 1 fevral, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım qrant layihəsi çərçivəsində nazirliyə Məlumat Mərkəzi avadanlıqları və ləvazimatları hədiyyə edib.
KOICA-dan AZƏRTAC-a bildirilib ki, avadanlıqlar ötən ilin avqust ayında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təqdim edilib və Məlumat Mərkəzinin qurulmasında istifadə olunacaq. Məlumat Mərkəzi Azərbaycanda təhsilin informasiyalaşdırılmasına töhfə verəcək. KOICA avadanlıqlardan istifadə qaydası ilə bağlı ötən ay onlayn təlim təşkil edib. Təlim yerli mühit üçün optimallaşdırılmış texniki dəstək sisteminin əsasının qoyulması məqsədi daşıyır.
Təqdim olunan avadanlıqlar COVID-19 pandemiyası nəticəsində elektron təhsilə tələbatın qaçılmaz hala gəldiyi bu dövrdə hökumətin distant təhsili təmin etmək üçün verdiyi səyləri sürətləndirmək baxımından olduqca vacib və faydalıdır. Belə ki, layihə daha effektiv onlayn təhsili təmin etmək üçün nazirliyin potensialının daha da artırılmasına və hətta post-pandemiya dövründə müəllimlərin tədris zamanı tətbiq oluna biləcək İKT bacarıqlarının təkmilləşdirilməsinə töhfə verəcək.
Xatırladaq ki, layihənin protokolu 2017-ci ildə Azərbaycan və Koreya hökumətləri arasında imzalanıb. Bu günədək layihənin Master Planı təkmilləşdirilib, e-təhsil sistemi üzrə araşdırma yekunlaşıb və onlayn təhsil kontentinin, e-təhsil portalının veb-səhifəsinin və layihə ilə bağlı digər komponentlərin hazırlanması üzrə işlər isə davam etməkdədir.