Kollagenin dəriyə mənfi təsiri olmasa da, allergik reaksiyalara səbəb ola bilər
Bakı, 13 iyun, AZƏRTAC
Kollagen insan orqanizminin fəaliyyəti üçün vacib olan zülaldır, əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının əsasını təşkil edir. Daha dəqiq desək, insan orqanizmindəki bütün zülalların 30-35 faizi kollagendən ibarətdir. Dəri və oynaqların elastikliyində mühüm rol oynayan kollagen saçların sağlamlığına və uzanma sürətinə təsir edir. Lakin bəzi xanımlar kollagenin mənfi tərəflərini bilmədən onu qəbul edirlər.
AZƏRTAC xəbər verir ki, dermatoloq-kosmetoloq Günay Mikayılova həmin zülal haqqında məlumat verərək deyib: “Kollagen çox böyük struktur ölçüyə malik olan bir zülaldır. Həmin zülal mədə-bağırsaq sistemindən sorulmur. Kollagen həblərini içməyin heç bir faydası yoxdur. Onun orqanizmə verdiyi fayda amin turşularıdır və onu zülalla zəngin olan qida ilə qəbul etmək olar. Kollagenin allergik reaksiyalara səbəb ola bilməsi isə onun mənfi tərəfidir”.
Xanımlar kollageni həb və ya krem şəklində qəbul edirlər və bunun faydasını gördüklərini deyirlər. Dermatoloq-kosmetoloqun dediyinə görə, lakin bu fayda onlara kollagendən gəlmir: “Bəzi hallarda onu içənlər faydasını gördüklərini deyirlər. Həmin tabletlərin üstündə tərkibində böyük hərflərlə kollagen olduğu, kiçik hərflərlə isə digər mikroelementlər və vitaminlərin adları yazılıb. Müsbət təsir həmin xırda hərflərlə yazılan tərkiblərlə əlaqədardır. Kollagen zülalının dəriyə heç bir müsbət təsiri yoxdur”.
Bəzi hallarda kollagenlər ağızda xoşagəlməz dad buraxa, mədə yanması və ağırlıq hissi yarada bilər. Kollagen böyrək çatışmazlığı və qaraciyər xəstəliyindən əziyyət çəkənlər tərəfindən ehtiyatla qəbul edilməlidir. Hamilə və laktasiya dövründə kollagen əlavələrindən yalnız həkim nəzarəti altında istifadə edilməlidir.