Kolmarda “Qızıl qələm” mükafatlandırma mərasimində Azərbaycan mahnıları ifa olunub
Kolmar, 1 aprel, AZƏRTAC
Kolmar şəhərinin “Assosiasiyalar Evi”ndə “Qızıl qələm” mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Kolmarda yaşayan azərbaycanlı bəstəkar İlahə Ahui “Gözəlim sənsən”, “Aman kəklik əlindən” xalq mahnılarını ifa edib, bəstəkarlarımızın musiqilərini səsləndirib.
Bernar Harsın rəhbərlik etdiyi assosiasiya tərəfindən təşkil olunmuş tədbirdə şəhər merinin mədəniyyət işləri üzrə müavini, Yuxarı Rən departamentinin deputatı, mədəniyyət işləri üzrə bələdiyyə bürosunun prezidenti və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
İlahə Ahui Kolmar və onun ətrafındakı şəhər və kommunalarda təşkil olunan mədəniyyət tədbirlərində xalq mahnılarımız, eləcə də bəstəkarlarımızın əsərlərini səsləndirərək təşviq edir.
“Kolmarda musiqi karyeramın inkişafına görə Kolmar Qələmi Assosiasiyasının prezidenti Bernar Harsa təşəkkür edirəm. O, musiqi fəaliyyətimin başlanmasında və inkişafında daim məni ruhlandırıb. Azərbaycan mahnılarından ibarət ilk konsertim də B. Harsın köməyi ilə təşkil olunub. Məqsədim mahnılarımızı Fransada tanıtmaq və təşviq etməkdir”,-deyə İ. Ahui bildirib.
Xatırladaq ki, Kolmar şəhəri Şəki şəhəri ilə qardaşlaşıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kolmar