Kolumbiya alimləri süd vəzisinin xərçənginə qarşı vaksin yaradırlar
Madrid, 27 aprel, AZƏRTAC
Kolumbiya Milli Universitetinin alimləri süd vəzisinin xərçənginə qarşı 100 faiz fərdiləşdirilmiş vaksin yaradırlar. Klinik sınaqların birinci mərhələsində bu müalicə üsulu beş qadına tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, professor Karlos Alberto Parra Lopesin rəhbərlik etdiyi kolumbiyalı alimlər qrupu süd vəzisinin ən təhlükəli şişlərinin səmərəli müalicəsi üzərində 12 il axtarış aparıb. Süd vəzisinin üçqat neqativ xərçəngini müalicə etmək çox çətindir, bu barədə proqnozlar ümidverici deyil. Əsas səbəb ondan ibarətdir ki, şişin bu növü daha sürətlə inkişaf edir.
Kolumbiya Milli Universitetinin İmmunologiya və translyasiya təbabəti tədqiqat qrupunun üzvləri və doktor K.Parra hər bir pasiyentin şiş toxumalarından ibarət vaksin yaradıblar. İmmunterapiya üçün yaradılan bu vaksinlər 100 faiz fərdiləşdirilib. Yeni müalicə üsulu pasiyentlərin həyatının keyfiyyətini yaxşılaşdırmaq və ağır fəsadların qarşısını almaq üçün yaxın gələcəkdə real alternativ ola bilər. Bu müalicə üsulu çox təhlükəli diaqnoz qoyulmuş beş qadına tətbiq edilir. Tibbi ictimaiyyət klinik sınaqların nəticələrini ümidlə gözləyir.
Fərdiləşdirilmiş vaksinlər hazırda bu xəstəliyə qarşı mübarizədə ən ümidverici müalicə metodlarından biridir. Bütün dünyada müxtəlif tədqiqat qrupları təqribən 10 il bu vaksinlərin yaradılması üzərində işləyir, lakin Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti idarəsi hələlik yalnız prostatın metastatik xərçənginə qarşı Dendreon əczaçılıq şirkəti tərəfindən yaradılmış vaksini bəyənib. Digər vaksinlər, o cümlədən süd vəzisinin üçqat neqativ xərçənginə qarşı Kolumbiyada yaradılmış vaksin hələ klinik sınaqlar mərhələsindədir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xərçəng xəstəliyinin dünyada ən geniş yayılmış növü süd vəzisinin xərçəngidir. O, ağciyərlərin onkoloji xəstəliklərindən və melonomadan daha çox yayılıb. Təkcə 2020-ci ildə dünyada 2,2 milyon nəfərə süd vəzisinin xərçəngi diaqnozu qoyulub, 658 mindən çox qadın bu xəstəlik səbəbindən dünyasını dəyişib.
İspaniya Xərçənglə Mübarizə Assosiasiyasının məlumatına görə, orta hesabla hər 8 qadından biri həyatı boyu süd vəzisinin xərçənginə tutulur.
Kolumbiya Səhiyyə nazirliyində bildirilib ki, ölkədə qadınlar arasında xərçəng xəstəliyinə tutulmanın və bu səbəbdən ölümün əsas mənbəyi süd vəzisinin xərçəngidir. 2020-ci ildə Kolumbiyada süd vəzisinin xərçənginə tutulmuş 15.909 yeni xəstə qeydiyyata alınıb, onlardan 4411 nəfəri dünyasını dəyişib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid