KOMİSSİYA “SƏHMDAR CƏMİYYƏTLƏRİ HAQQINDA” QANUNUN LƏĞVİNİN ƏLEYHİNƏ OLUB
İclasda “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Hesablama Palatasının 2004-cü il iqtisadi təsnifat üzrə xərclər smetasının təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Səttar Səfərov birinci məsələ ilə bağlı məlumat verərək demişdir ki, Mülki Məcəlləyə edilən əlavə və dəyişikliklərə əsasən “Azərbaycan Respublikasının səhmdar cəmiyyətləri haqqında” Qanunu ləğv edilməlidir. Hazırda ölkədə 1200-dən çox səhmdar cəmiyyəti öz fəaliyyətlərini bu qanunla nizamlayır.
Müzakirələr zamanı deputatlar demişlər ki, “Səhmdar cəmiyyətləri haqqında” Qanun olduğu halda, səhmdar cəmiyyətlərinin fəaliyyətinin və digər mexanizmlərin Mülki Məcəllə ilə nizamlanması düzgün deyildir. Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə məsələ ilə bağlı öz tövsiyələrini vermişdir.
Komissiya Maliyyə və Ədliyyə nazirliklərinin əməkdaşlarından və deputatlardan ibarət yeni işçi qrupunun yaradılmasını və layihənin yenidən işlənməsini qərara alaraq layihəni geri qaytarmışdır.
İkinci məsələ ilə bağlı qeyd olunmuşdur ki, Hesablama Palatasının 2004-cü il iqtisadi təsnifat üzrə xərclər smetasında 3 milyard 400 milyon 881 min manat vəsait nəzərdə tutulmuşdur. Bunun da 897 milyon 72 min manatı əmək haqqı, 376 milyon 898 min manatı Dövlət Sosial Müdafiə Fonduna köçürmədir. Qalan vəsait isə Palatanın digər xərcləri üçün nəzərdə tutulub.
Sonra gündəlikdə duran üçüncü məsələ müzakirə olunmuşdur. Sonda hər iki məsələnin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.