Kommersiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas keçiriləcək
Bakı, 25 noyabr, AZƏRTAC
Media Təhlil Mərkəzi (MTM), Medianın İnkişafı Agentliyi (MEDİA) və “EDUAZ co” MMC-nin birgə təşkilatçılığı ilə 2023-cü ilin birinci rübündə (yanvar-fevral) mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə növbəti master-klasın keçirilməsi nəzərdə tutulur.
MTM-dən AZƏRTAC-a bildiriblər ki, kommersiya, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil olunacaq master-klası London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq. Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır. O, “The Andrew Marr Show”, “Breakfast with Frost” siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub. PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb.
Qeyd edək ki, xüsusi formatda təşkil edilən master-klas ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır.