KOMPYUTERLƏŞDİRMƏ HASİLATIN ARTMASINA XİDMƏT EDİR
İlyarım əvvəl “Qum adası” NQÇİ-də istehsal prosseslərinə avtomatik nəzarət və idarəetmə sistemi ilə təchiz olunmuş kompressor stansiyasının birinci növbəsi işə salınmış, nəticədə “Bahar” yatağında məhsuldarlıq artmışdır. Yaxın vaxtlarda istismarda olmayan qazlift quyularını yüksək təzyiqli qazla təmin etmək üçün “Qum adası” NQÇİ-də 1 nömrəli kompressor stansiyası işə salınacaqdır. Hazırda “Azneft” İB-də 6 böyük kompressor stansiyası avtomatik nəzarət və idarəetmə sistemi ilə təchiz olunmuşdur. Bunlardan ikisi “Neft daşları”, ikisi “Nərimanovneft”, ikisi də ''Qum adası'' NQÇİ-dədir. Bunlardan başqa, “Günəşli” yatağındakı 10 dərinsulu platformada avtomatlaşdırılmış qazpaylayıcı sistemlər quraşdırılmışdır. Bu istiqamətdə işlər yaxın illərdə də davam etdiriləcəkdir.
Avtomatlaşdırılmış idarəetmə sistemləri layihələri Sumqayıtdakı “Neftqazavtomat” Elm-İstehsalat Birliyi tərəfindən işlənilir. Keçmiş SSRİ-də neft və qaz sənayesinin avtomatlaşdırılması üzrə ən böyük müəssisə sayılan “Neftqazavtomat” EİB hazırda da bu qəbildən olan avadanlığın Rusiya və MDB ölkələrinə ixracı üzrə liderliyini qoruyur.