ELM VƏ TƏHSİL
Konkret faktların təqdimatı ilə ermənilərin informasiya həmləsinin qarşısını almaq mümkündür
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: baxış bucağı” layihəsi çərçivəsində debatlar təşkil edir. “İnformasiya müharibəsini necə udmalı?” mövzusunda növbəti debat aprelin 25-də Bakı Slavyan Universitetində (BSU) təşkil olunub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin əlaqələndiricisi İradə Yaqubova bu təşəbbüs barədə məlumat verib. Diqqətə çatdırılıb ki, tələbələr üçün mühüm rola malik olan layihə onların cəmiyyətdə fəal mövqe tutmaları məqsədilə həyata keçirilir.
Orxan Cabbarovun moderatorluğu ilə keçirilən debatda tələbələr informasiya müharibəsində Azərbaycanın mövqeyinin qorunması, təşkilatlanma və hədəflər barədə fikir mübadiləsi aparıblar. İştirakçılar debatın mövzusunu fərd və cəmiyyət müstəvisində şərh etməyə çalışıblar.
Azərbaycan həqiqətlərinin dünyaya ictimaiyyətinə çatdırılmasında indiyədək bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayan BSU-nun magistrantlar şurasının sədri Rüfət Haşımov deyib: “Bu tədbirlər kifayət etmir. Yalnız konkret faktların təqdimatı ilə ermənilərin informasiya həmləsinin qarşısını almaq mümkündür”.
Tədbir iştirakçılarının müvafiq mövzu ilə bağlı fikirləri ekspertlər tərəfindən dəyərləndirilib.