KONQRES İŞƏ BAŞLAMIŞDIR
GUAM Gənclər Forumu gənclər ictimai təşkilatlarının cari ilin yazında Kişinyovda və Kiyevdə keçirilmiş zirvə toplantısının yekunlarına əsasən yaradılmışdır.
Konqresin açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, keçmiş sovet respublikaları dövlət müstəqilliyi qazandıqdan sonra gənclər yüksək siyasi fəallıq nümayiş etdirir və beynəlxalq əməkdaşlığa səy göstərirlər. Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurduğu GUAM dövlətlərinin gənclər təşkilatlarının fəaliyyəti buna əyani sübutdur. Ölkəmizin gənclər təşkilatları bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür, regional və Avropa qurumlarına uğurla inteqrasiya edirlər. GUAM Gənclər Forumunun yaradılması təşəbbüsünü də Azərbaycanın gənclər təşkilatları irəli sürmüşlər. Son illər ölkəmizdə GUAM və İKT çərçivəsində xeyli tədbir keçirilmişdir. Bu, gələcəkdə də davam etdiriləcəkdir. 2007-ci ildə Bakıda türkdilli dövlətlərin gənclər konqresi keçiriləcəkdir.
Azərbaycanda gənclər siyasətindən danışan nazir vurğulamışdır ki, “Gənclər siyasəti haqqında” Qanun yeni redaksiyada, habelə 2005-2009-cu illər üçün Dövlət Gənclər Proqramı, 20 normativ hüquqi sənəd qəbul olunmuşdur. O, konqres iştirakçılarına Azərbaycanın başlıca problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkə rəhəbrliyinin bu münaqişənin həlli istiqamətində göstərdiyi səylər barədə məlumat vermişdir.
Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konqres iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyevin adından salamlamışdır.
Gürcüstan, Moldova və Ukrayna nümayəndə heyətlərinin başçıları qonaqpərvərliyə və konstruktiv əməkdaşlığa daim hazır olduğuna görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirmişlər. Konqres iştirakçıları GUAM ölkələrinin gənclər ictimai təşkilatlarının növbəti zirvə toplantısının gələn ilin martında Tbilisidə keçirilməsi barədə Gürcüstanın təşəbbüsünü dəstəkləmişlər.
Həmin gün konqresin işçi qruplarının iclası keçirilmişdir. İclasda GUAM Gənclər təşkilatları forumunun Nizamnaməsinin son variantı, 2007-ci il üçün fəaliyyət planı müzakirə olunmuşdur.
Konqres Forumun sədrini, müavinlərini və baş katibini də seçəcəkdir. Görüşün yekunlarına dair 3 sənədin – konqresin qətnaməsinin, GUAM dövlət və parlament başçlarına müraciətin, habelə münaqişə zonaları haqqında bəyannamənin qəbul ediləcəyi gözlənilir.