Konstitusiya Günü Ağsuda təntənəli şəkildə qeyd edilmişdir
Ağsu, 12 noyabr (AZƏRTAC). Konstitusiya Günü Ağsuda rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər parkına gələrək müasir Azərbaycanın ilk Konstitusiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəli önünə çiçəklər qoymuşlar.
Rayon icra hakimiyyətində keçirilən təntənəli yığıncaqda icra aparatının hüquq şöbəsinin müdiri Tofiq Kərimovun “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Konstitusiyası dövlətin və cəmiyyətin həyatını tənzimləyən mühüm sənəddir. Bu Konstitusiya dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və iqtisadi əsaslarını, ədalət mühakiməsini, seçki sistemini, insan hüquq və azadlıqlarını və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur.
Yığıncaqda xüsusilə vurğulanmışdır ki, müstəqilliyini yenicə qazanan, müharibə şəraitində olan Azərbaycanda daxili və xarici təxribatların ara vermədiyi bir vaxtda hazırlanaraq referenduma çıxarılan və qəbul olunan Konstitusiya müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan olunmuşdur və bu, Əsas Qanunun demokratik xarakterindən xəbər verir.
Çıxış edənlər diqqətə çatdırmışlar ki, milli Konstitusiyamızın qəbul olunmasından keçən qısa müddət ərzində Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu və dünyaya inteqrasiya istiqamətində mühüm uğurlar qazanmışdır və bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə möhkəmlənir.