KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Fatmaxanım Məmməd qızı Əliyevanın İspəndiyar Hökumulla oğlu Həsənova qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 29 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işi araşdırılmışdır.
Konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçi F.Əliyevanın və onun nümayəndəsi R.Çukanovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar çıxarmışdır.
Qərarda deyilir ki, F.Əliyevanın İ.Həsənova qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 29 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.0.3-cü və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki–prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.