“KÖNÜL ÇEŞMƏLƏRİ”NİN COĞRAFİYASI GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də Rus Mədəniyyəti Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Könül çeşmələri” respublika rus xalq mahnısı festivalının açılışı olmuşdur.
Mərkəzin rəhbəri Svetlana Barinova birinci festival-müsabiqənin 10 il əvvəl təşkil olunduğu barədə məlumat vermiş, onun açılışını xalqların böyük müdrikliyinin mədəniyyətlərin rəngarəngliyindən qaynaqlandığını yaxşı bilən və qiymətləndirən ulu öndər Heydər Əliyevin də alqışladığını demişdir.
Festivalın coğraqfiyası ilbəil genişlənir. Bu il təkcə bölgələrdən deyil, həm də Dağıstandan, Gürcüstandan 100-dən çox iştirakçının sifarişi daxil olmuşdur. Bu isə o deməkdir ki, “Könül çeşmələri” festivalı gələcəkdə beynəlxalq tədbirə çevriləcəyini vəd edir.
Festivalın proqramı da olduqca zəngindir. Burada solistlərdən başqa, xor, rəqs kollektivləri, orkestrlər iştirak edəcəklər.
Münsiflər heyətinə Bakı Musiqi Akademiyasının, Bakı xoreoqrafiya məktəbinin müəllimləri, bəstəkar Oqtay Zülfüqarov, müğənni və pedaqoq Natəvan Şeyxova daxildirlər.
Festivalı Bakının Əzizbəyov rayonundakı 2 nömrəli internat məktəbinin uşaq nəfəsli alətlər ansamblı açmışdır. Ansamblın ifasında P.Çaykovskinin “Neapol rəqsi” səslənmişdir.
Azərbaycanin rus icmasının Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil etdiyi festival iki turda keçiriləcək və mayın axırınacan davam edəcəkdir.
Qalibləri diplomlar və pul mükafatları gözləyir.