Könüllü qanvermə aksiyasında “Azərsu” ASC-nin 200-dən çox əməkdaşı iştirak edib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları keçirilir.
Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə mühüm layihələr həyata keçirir. Minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu humanitar aksiyada “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi də yaxından iştirak edir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildiriblər ki, 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı Səhmdar Cəmiyyətdə növbəti qanvermə aksiyası keçirilib.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulub, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait yaradılıb. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Tpansfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı səyyar laboratoriyada yoxlanılıb.
Ümumilikdə aksiyada “Azərsu” ASC-nin 204 əməkdaşı iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.