SİYASƏT
Koreya Respublikasının Azərbaycandakı səfiri Dövlət İdarəçilik Akademiyasındakı görüşdə mühazirə oxumuşdur
Bakı, 30 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İnn ilə görüş olmuşdur.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, görüşdə professor-müəllim heyətinin nümayəndələri, bakalavriat, magistratura səviyyələrində təhsil alan tələbələr və doktorantlar iştirak etmişlər.
Akademiyanın rektoru, akademik Urxan Ələkbərov səfirə rəhbərlik etdiyi kollektivin kadr hazırlığı sahəsindəki fəaliyyəti, hədəfləri və əldə olunmuş uğurlar barədə məlumat vermişdir.
O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılmış səmərəli islahatlar və həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin əldə etdiyi yüksək inkişaf tempi, beynəlxalq aləmdə qazanılmış nailiyyətlər barədə ətraflı danışmışdır. Bildirilmişdir ki, yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son dövrdə Prezident İlham Əliyevin “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində həyata keçirdiyi fəaliyyətin ölkənin inkişafına yönəldiyi vurğulanmışdır. Rektor bu amilin Koreyanın iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək ölkədə həyata keçirilən proqramların məhz innovativ təşəbbüslərə istiqamətləndirildiyini bildirmişdir. O, həmçinin Koreya səfirliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulamış və bu ölkənin müvafiq tədris-elmi mərkəzləri ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd etmişdir.
Səfir Çoi Suk-İnn görüşdə “Koreya Respublikasının iqtisadi inkişafı” mövzusunda mühazirə ilə çıxış etmişdir. O, təmsil etdiyi dövlətin siyasətindən, təhsil və digər sahələrdə görülən işlərdən, iqtisadi inkişafından ətraflı danışmışdır. Səfir Koreyanın yarım əsrlik yüksək iqtisadi inkişafında yer alan əsas strategiyanın mahiyyətini şərh etmiş, dünya miqyasında rəqabətə davamlı prinsiplərin tətbiqi sahəsində görülən və görülməli olan işlərə münasibətini bildirmişdir.
Diplomat Koreyanın müstəqillik qazandığı ilk illərindən müasir dövrə qədər keçdiyi yol barədə reallıqları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, Koreyanın bugünkü inkişafa nail olmasını ölkədə təhsilə yaradılan maraq, davamlı innovasiyalar, qabaqcıl texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərə dövlət tərəfindən verilən dəstəyin nəticəsi kimi dəyərləndirmişdir. Səfir ölkənin böhrandan çıxarılmasında insan potensialının və təhsilin inkişafının əsas rol oynadığını xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, ölkədə yeni inkişaf sahələrinin yaradılması məhz qeyd olunan amillərin nəticəsində əldə edilmiş innovasiyalarla bağlıdır.
Səfir Çoi Suk-inn Koreya Respublikasının Azərbaycan ilə həm dövlət, həm də ictimai qurumlar səviyyəsində çoxşaxəli əlaqələr qurmasında maraqlı olduğunu bildirmişdir. Diplomat tanışlıq və maraqlı fikir mübadiləsi şəraitində keçən görüşün əhəmiyyətli nəticəsi olacağına əminliyini bildirmişdir.
Sonda dinləyicilərin sualları cavablandırılmışdır.