İQTİSADİYYAT
Korrupsiya ilə mübarizə mövzusunda təlimlər keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Dövlət Vergi Xidməti (DVX) tərəfindən həm müvafiq dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutları ilə birlikdə sistemli tədbirlər həyata keçirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, belə tədbirlərdən biri “Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimin keçirilməsi olub.
DVX-nin İnsan Resursları Baş İdarəsinin təşkilatçılığı ilə Daxili Təhlükəsizlik Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlər, Mərkəzi Aparat da daxil olmaqla, bütün dövlət vergi orqanlarını əhatə edib.
Bundan başqa, regionlara səfərlər çərçivəsində Beyləqan rayonunda fəaliyyət göstərən bir sıra dövlət və bələdiyyə orqanları, o cümlədən rayonun təhsil və səhiyyə müəssisələri, kənd ərazi icra nümayəndələri və digər büdcə təşkilatlarında çalışan işçilər üçün “Korrupsiya hüquqpozmalarına görə məsuliyyət” mövzusunda maarifləndirici təlim təşkil olub.
Təlimləri DVX-nin Daxili təhlükəsizlik Baş İdarəsi və Tədris Mərkəzinin vəzifəli şəxsləri aparıblar.