Külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasına cəhdin qarşısı alınıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasına cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılır.
Daha bir təhlilin nəticəsi olaraq “Repro-Servis” MMC-nin elektron bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılması nəzərdə tutulan malların invoys və digər müşayiətedici sənədlərindəki məlumatlarda yüksək riskli göstəricilər müəyyən edilib və mallara fiziki baxışın keçirilməsi qərara alınıb.
Beləliklə, adı çəkilən hüquqi şəxs tərəfindən külli miqdarda bəyan olunmamış mallar - 221 dəst uşaq paltarı, 420 ədəd dəri kəmərlər, 238 ədəd qadın çantası, nəqliyyat vasitələri üçün ümumi çəkisi 429 kiloqram olan ehtiyat hissələr, istilik sistemləri üçün 952 kiloqram fitinq və 2160 kiloqram ventillər, 204 ədəd su kranı aşkarlanıb.
Bundan başqa, bəyan olunan mallar sırasında süni dəri nümunəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində tədqiqi nəticəsində həmin malın 4041 kiloqram rənglənmiş təbii dəri olduğu müəyyən edilib. Bununla da aşkarlanan malların statistik dəyəri xeyli miqdarda azaldılıb.
Faktla bağlı araşdırma aparılır.