Kür çayı üzərində qərənfil yağışı
Mingəçevir, 26 fevral (AZƏRTAC, Şahnəzər Bəşirov). Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Mingəçevirdə keçirilən aksiya təsirli səhnələrlə yadda qalmışdır.
AZƏRTAC xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiyada orta məktəb şagirdləri, tələbə- gənclər təşkilatlarının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Gənclər şəhərin Kür çayı üzərindəki körpüdən çaya minlərlə qərənfil ataraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bununla bildirmişlər. Kür çayı bir anlıq qərənfil yağışına qərq olmuşdur.
Daha sonra aksiya Mingəçevir Gənclər Mərkəzində keçirilən toplantı ilə davam etmişdir. Tədbirdə çıxış edən şəhər gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli gənclərin Xocalı faciəsi ilə bağlı konfransların keçirilməsi, sərgilərin təşkil olunması istiqamətində gördükləri işlərdən danışmışdır. Qeyd edilmişdir ki, bu gün Heydər Əliyev Fondu Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması üçün mühüm addımlar atır. Fondun dəstəyi ilə müxtəlif ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri, sərgilər, yürüşlər və müsabiqələr keçirilir.
Tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin koordinatoru Tural Kərimov, “İşıqlı gələcək” Gənclər İctimai Birliyinin sədri Kamal Əhmədov və digər gənclər çıxış edərək bildirmişlər ki, Xocalı qətliamı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəkdir.