Kürdəmirdə Çernobıl əlillərinə maddi yardım göstərilib
Kürdəmir, 26 aprel, AZƏRTAC
Çernobıl AES-də baş verən qəzadan 32 il ötür. 1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü reaktorunda baş verən partlayış minlərlə insanın həyatına son qoyub. O vaxt qəzanın nəticələrinin aradan qaldırılmasına 7 mindən çox Azərbaycan vətəndaşı da cəlb olunub və həlak olanlar arasında onların sayı heç də az deyil. Qəzanın fəsadları aradan qaldırılarkən şüalanma nəticəsində əlil olanlar arasında da azərbaycanlılar var. Təkcə Kürdəmirdə indi onların sayı 15 nəfərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 26-da Kürdəmir Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin ildönümünə həsr edilən görüş keçirilib.
Görüşdə Çernobıl faciəsi qurbanlarının, habelə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli o dəhşətli faciənin acı nəticələrindən danışıb. Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin, onların sağlamlığının qorunmasının dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayan natiq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Milli Məclisdə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun qəbul edildiyini deyib. Həmin Qanuna, habelə Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq həyata keçirilən tədbirlər Çernobıl əlillərinin sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynayır.
Görüşdə Çernobıl Əlilləri İttifaqı rayon bölməsinin sədri Umudvar Xəlilov, Çernobıl əlilli Əbülfəz Baxşıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov çıxış edərək ölkəmizdə əlillərə göstərilən dövlət qayğısından danışıblar.
Sonda Çernobıl əlillərinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.