Kürdəmirdə indiyədək 37 min nəfərə yaxın sakin tibbi müayinədən keçmişdir
Kürdəmir 1 aprel (AZƏRTAC). Kürdəmir rayonunda əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 17-dən başlanan kampaniya müvəffəqiyyətlə davam edir.
Rayon icra hakimiyyəti başçısının müavini, bu məqsədlə yaradılmış komissiyanın üzvü Vəsilə Əsgərli AZƏRTAC-a bildirmişdir ki, ötən müddət ərzində 36 min 749 nəfər sakin tibbi müayinədən keçmişdir. Təkcə aprelin 1-də müayinə olunan sakinlərin sayı 4268 nəfər olmuşdur. Ümumiyyətlə, indiyədək yoxlamadan keçənlərin 174-ü stasionar, 1752-si ambulator müalicəyə cəlb edilmiş, 91 nəfər əlavə müayinə üçün Bakı şəhərinə göndərilmişdir.
Qeyd edək ki, əhalinin tibbi müayinəyə cəlb olunduğu mərkəzi rayon xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə 6 həkim məntəqəsində sakinlərin qəbulu, peşəkar həkimlər tərəfindən ən müasir tibbi avadanlıqların köməyi ilə müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur.
Rayon sakini Əsgər Hüseynov əhalinin sağlamlığının mühafizəsi məqsədilə kütləvi tibbi müayinələrin təşkili üçün verdiyi tapşırığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.