Kürdəmirdə istifadə müddəti bitmiş baytarlıq preparatlarının satıldığı aşkarlanıb
Bakı, 10 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Kürdəmir rayonu, Heydər Əliyev prospekti, məhəllə 2/2 ünvanında fiziki şəxs Həşimov Bəhrəm Həşim oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.
Yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş baytarlıq preparatları aşkarlanıb. Həmçinin satış sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, xüsusi temperatur rejimində saxlanılması tələb olunan preparatların temperatur rejiminə əməl olunmadan saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub.