Kürdəmirdə narkomaniyaya qarşı mübarizə işinin təşkili məqsədilə tədbir keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Kürdəmir rayonunda tədbir təşkil olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilib, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr verilib.
Eyni zamanda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə hazırlanmış yaddaş kitabçaları, həmçinin elektron daşıyıcılarda təbliğat materialları təqdim edilib.