KÜVEYTDƏ MÜSƏLMAN ÖLKƏLƏRİ TƏHSİL VƏ ELMİ TƏDQİQATLARNAZİRLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
Konfransda çıxış edən M.Mərdanov tədbirin müsəlman ölkələri üçün mühüm əhəmiyyətə malik məsələlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından vacibliyini vurğulamış, İslam dünyasının bəşər sivilizasiyasının inkişafındakı böyük töhfələrini qeyd etmişdir. Nazir bildirmişdir ki, konfransın əsas qayələrindən biri də müsəlman ölkələrində elmin və texnologiyaların inkişafını, bu sahədə yüksək səviyyəli kadrların hazırlanması məsələlərini müzakirə etməkdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizinin işğal altında olduğunu, münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdıran M.Mərdanov demişdir ki, işğal olunmuş yerlərdə bütün dini və mədəni abidələr dağıdılmış, müqəddəs “Qurani-Kərim”in nadir nüsxələri yandırılmış, məscidlər, 1000-dən çox təhsil ocağı yerlə-yeksan edilmişdir.
Tədbirdə ali təhsil və elmi tədqiqat nazirlərinin növbəti konfransının 2008-ci ilin senyabrında Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul edilmişdir.
Səfər çərçivəsində Misir Mərdanovun Küveytin maarif və ali təhsil naziri Adil Təbatəbai ilə görüşündə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmiş, müvafiq sazişin imzalanması barədə razılıq əldə olunmuşdur.
Bundan əlavə, M.Mərdanov İslam Konfransı Təşkilatının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Əbdüləziz əl-Varic, Malayziyanın təhsil naziri və Küveyt Universitetinin rektoru ilə də görüşmüşdür.