Küveytli jurnalist Xocalı soyqırımının dəhşətlərindən yazır
Bakı, 1 mart, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Küveytin “Əl-Biləd” internet portalında baş direktor Ziyad Sanianın “Xocalı soyqırımı şəhidlərinin xatirəsinə” adlı məqaləsi verilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müəllif məqalədə Xocalı soyqırımının 25 illiyi ilə bağlı qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdiyini, bu faciə zamanı erməni ordusu tərəfindən qətlə yetirilmiş 613 şəhidimizə Allahdan rəhmət dilədiyini bildirir.
Müəllif yazır ki, o, müharibələr, soyqırımları haqqında çox oxuyub, bəzilərinin şahidi olub. Alman faşistlərinin törətdikləri qətliamlar ermənilərin Azərbaycanda günahsız insanları, 5-6 yaşındakı uşaqları vəhşiliklə qətlə yetirmələri yanında cinayət lüğətində kiçik bir sətrə bənzəyir. Kitablarda, kütləvi informasiya vasitələrində Xocalı soyqırımından nə qədər çox danışılsa da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sərt, dondurucu havada ermənilərin törətdikləri ağrılı səhnələr olduğu kimi təsvir edilə bilməz. Belə ki, ermənilər qanla dolmuş gölməçənin üzərindən qarşı tərəfə keçmək üçün həmin gecə qətlə yetirilmiş insanların, xüsusilə 8-9 yaşlı uşaqların cəsədlərindən istifadə ediblər. Həmin qanlı gündə Xocalıda qulaqları kəsilmiş uşaqların, sifətlərinin yarısı kəsilmiş qadınların, başlarının dərisi soyulmuş kişilərin şəkilləri kameralar vasitəsilə bütün dünyaya çatdırılıb.
Məqalədə vurğulanır ki, həmin gecə Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən və 7 min əhalisi olan Xocalı şəhərini darmadağın edib, orada yaşayan insanları müxtəlif silahlardan istifadə edərək qətlə yetirib. Xocalıda 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 mülki şəxs qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər ağır yaralanıb, 197 nəfər itkin düşüb.
Müəllif dünya birliyinin Xocalı qətliamı ilə bağlı susqunluq nümayiş etdirməsinin yolverilməz olduğunu diqqətə çatdırır.