Kyodo agentliyi: Yaponiyada hakim partiya son seçkilərdə mandatlarının bir qismini itirə bilər
Tokio, 27 oktyabr, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) oktyabrın 31-də keçiriləcək seçkilərin nəticələrinə görə parlamentin aşağı palatasındakı 276 deputat mandatının bir qismini itirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyinin keçirdiyi sosial sorğunun nəticələrinə dair yayılan məlumatda bildirilir. Sorğunun nəticələrinə görə qeyd edilir ki, hakim partiya birmandatlı dairələrdə səsvermə nəticəsində təqribən 200, proporsional səsvermə üzrə isə daha 66 yer qazana bilər. Bununla yanaşı bildirilir ki, aşağı palatada mütləq üstünlüyə malik olmaq üçün LDP və onun koalisiya tərəfdaşı olan Komey-to Partiyası 465 yerdən ən azı 261-ni qazanmalıdır. Göründüyü kimi, sorğunun nəticələrinə görə hakim koalisiya aşağı palatada üstünlüyü saxlamağa nail olacaq. Qeyd edək ki, hazırda bu koalisiya nümayəndələr palatasında 305 yerə malikdir.
Agentliyin keçirdiyi sorğunun nəticələrinə görə, əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyası birmandatlı dairələrdə təqribən 50, proporsional dairələr üzrə isə təqribən 40 yer qazana bilər. Hazırda bu partiya aşağı palatada 112 yerə malikdir.
Əlavə olaraq bildirilir ki, agentlik tərəfindən sorğu oktyabrın 23-dən 26-dək keçirilib və sorğuda 119 minədək seçici iştirak edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio