Laçınlı məcburi köçkünlər tibbi müayinədən keçirlər
Ağcabədi, 10 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkənin bütün vətəndaşları kimi, laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon icra hakimiyyətinin baş məsləhətçisi Cabir Əvəzzadə AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirlər görülmüşdür. Bu məqsədlə xüsusi komissiya yaradılmış, iş qrafiki tərtib edilmişdir.
Respublikanın 58 şəhər və rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərin tibbi müayinəsi 24 tibb məntəqəsində və Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında aparılır. Bundan əlavə, iki səyyar həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilir. Poliklinikada bu günədək Ağcabədi rayonunda məskunlaşmış 12177 nəfər müayinə edilmişdir. Sakinlərin 2482-si ambulator müalicəyə cəlb edilmiş, 119-u respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Rayon mərkəzi xəstəxanasının oftalmoloqu Güllü İbadova bildirmişdir ki, laçınlı məcburi köçkünlər tibbi müayinələrə fəal gəlirlər. Bu günədək poliklinikada 200 nəfərdən çox sakin göz müayinəsindən keçmişdir. Müayinə olunan sakinlərdə əsasən qırpma qüsuru, blefarit, presbiopiya, katarakta xəstəlikləri aşkar edilir. Belə xəstələr müalicəyə cəlb olunurlar.
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Tibbi müayinədən və yaradılan şəraitdən razılıq edən Malıbəy kənd sakini Əlişir Rüstəmov bildirmişdir ki, həkimlər digər sakinlər kimi, onu da hərtərəfli müayinə etmişlər. Müayinə zamanı oynaqlarında duz aşkar edilmiş və uyğun müalicə təyin olunmuşdur. Əlişir Rüstəmov köçkünlər adından onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.