LATIN MƏDƏNİYYƏTİ AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə qonaqları təbrik edən nazir E.Məmmədyarov tədbirin mühüm hadisə olduğunu vurğulamış, müzakirəyə çıxarılan məsələlərin böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, qloballaşma prosesinin geniş vüsət aldığı bir dövrdə mədəniyyətlərarası dialoqun əhəmiyyətini nəzərə çarpdırmış, dünya ictimaiyyətinin üzləşdiyi təhlükələrin qarşısının alınmasında çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd etmişdir.
E.Məmmədyarovun bu yaxınlarda Braziliyaya səfərini xatırladan bu ölkənin Azərbaycanda akkreditə olunmuş səfiri Çezario Melantonio Neto gələcəkdə qarşılıqlı surətdə səfirliklərin açılmasının ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulamışdır. O, Azərbaycan XİN-in yeni yaradılan Diplomatiya Akademiyasının Braziliyanın Diplomatiya İnstitutu ilə əməkdaşlığının, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsinin hər iki tərəf üçün önəmini də diqqətə çatdırmışdır.
Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bunun nəticəsində 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, işğal altındakı ərazilərdə tarixi-mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi barədə qonaqlara məlumat verilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.