Ləman Qalimova: COVID-19 bəlası dünyamızdan tam çəkilməyənə qədər ayıq-sayıqlığı əldən verməməliyik
Bakı, 18 iyul, AZƏRTAC
Dünyanın əksər ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm hallarında artım qeydə alınır. Son bir həftə ərzində COVID-19-a yoluxma hallarının sayı 6.5 milyonu ötüb, ölüm halları isə 1.5 dəfə artıb. Çox təəssüf ki, ölkəmizdə də son günlərdə yoluxma hallarında artım müşahidə olunur, yoluxma faktları 200-ə yaxınlaşıb. Ölkəmizin səhiyyə qurumları da birgə bəyanat yayaraq vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə ediblər. Vətəndaşları bu çağırışa biganə qalmamağa və tövsiyələrə əməl etməyə səsləyirəm.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
Mütəxəssis bildirib ki, Azərbaycanda həm yoluxub sağalanların sayı çox olduğu üçün, həm də vaksinasiya prosesi davam etdiyindən kütləvi immunizasiya yaranıb: “Əvvəlki dövrlərdəki kimi kütləvi yoluxma hallarının olacağı ehtimal edilmir, lakin ehtiyat tədbirlərini əldən verməmək tövsiyə olunur. Panikaya düşməməli, əvəzində isə fərdi vətəndaş məsuliyyəti nümayiş etdirərək qoruyucu vasitələrdən istifadə etməli, xəstə insanlarla təmasdan çəkinməli, qapalı mühitdə maska taxmalı və əl gigiyenasına riayət olunmalıdır. Qarşıdan respirator infeksiyaların aktivləşdiyi payız ayları gəlir. Odur ki, diqqətli davranaraq yoluxma hallarında kəskin artımın qarşısını almağa birgə nail olmalıyıq. Bu bəla dünyamızdan tam çəkilməyənə qədər ayıq-sayıqlığı əldən verməməliyik”.