Lənkəran sakinləri: Bu nəcib təşəbbüs həqiqətən yüksək qiymətə və alqışa layiqdir
Lənkəran, 29 mart (AZƏRTAC, Bağır Əliyev). Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da əhalinin tibbi müayinəsi uğurla davam edir. Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin AZƏRTAC-a verdiyi məlumata görə, humanitar aksiyaya başlanıldığı gündən martın 28-dək rayonun 18 yaşdan yuxarı 102 min 896 nəfər sakinindən 22 min 608 nəfəri müayinələrdən keçmişdir.
Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 1208 nəfəri ambulator, 301 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 64 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Humanitar aksiya ilə bağlı rayon sakinlərinin də fikirlərini öyrəndik. Onlar əhalinin sağlamlığına göstərilən dövlət qayğısından hədsiz razılıqlarını bildirdilər.
Azad Hüseynov (Moloja kənd sakini): - Mən müəlliməm. Kənd sakinlərinin ümumi fikrini ifadə edərək deyə bilərəm ki, əhalinin pulsuz tibbi müayinələrə cəlb olunması Prezident İlham Əliyevin vətəndaşların sağlamlığına yüksək qayğısından xəbər verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Bu nəcib təşəbbüs həqiqətən yüksək qiymətə və alqışa layiqdir. Buna görə bütün kənd camaatı adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Emin Qafarov (Lənkəran şəhər sakini): - Mən də bu fikirlərə tam şərikəm. Uzun müddət idi ki, səhhətimlə bağlı bəzi narahatçılıqlarım vardı. Dövlətimizin başçısının yaratdığı imkandan istifadə edərək rayon xəstəxanasında pulsuz tibbi müayinələrdən keçdim. Burada yaradılmış şəraitdən, həkimlərin səmimi, həssas münasibətindən çox razı qaldım. Buna görə dövlətimizin başçısına “Çox sağ olun” deyirəm.
Solmaz Həşimova (Lənkəran şəhər sakini): Pulsuz tibbi müayinə xüsusən biz pensiyaçıların ürəyincədir. Hamı kimi, mən də müayinələrdən keçdim. Həkim kollektivinin qayğıkeşliyinə, müayinə üçün yaradılan şəraitə söz ola bilməz. Bizə belə bir imkan yaratdığına gərə dövlətimizin başçısına təşəkkür edirəm.