LƏNKƏRANDA DÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ ZONA SEMİNARI KEÇİRİLMİŞDİR
Lənkəran, 15 aprel (AZƏRTAC). Aprelin 15-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 28 aprel - Dünya Əməyin Mühafizəsi gününə həsr olunmuş zona seminarı keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən təlim məşğələsində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonları meşə mühafizəsi və bərpası müəssisələrinin işçiləri, 1 saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları iştirak etmişlər.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təşkilat şöbəsinin müdiri Kamal Nəbiyev bildirmişdir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) hər il 28 aprel gününü Dünya Əməyin Mühafizəsi günü kimi qeyd edir. BƏT tərəfindən builki tədbirlərin “Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması” devizi ilə keçirilməsi tövsiyə olunmuşdur.
Ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təşkili sahəsində görülən işlərdən və həyata keçirilən tədbirlərdən söhbət açan K.Nəbiyev MDB məkanında Rusiya və Qazaxıstandan sonra Azərbaycanda işçilərə ən yüksək əmək haqqının ödənildiyini bildirmişdir.
Bu gün dünya ictimaiyyətini qlobal ekoloji problemlərin narahat etdiyini, əməyin mühafizəsi ilə bağlı sosial ekologiya məsələsinə xüsusi önəm verildiyini diqqətə çatdıran natiq 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunmasını dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirmişdir.
Təlim məşğələsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının texniki əmək müfəttişi Nadir Muradov “İş yerlərində risklərin qiymətləndirilməsi və onların azaldılması üçün həyata keçirilən qabaqlayıcı tədbirlər”, 9 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyi rəisinin müavini Rasim Rəhimov “Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması”, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki, əmək müfəttişi Valeh Feyziyev “Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında qanunlar, normalar və qaydalar və bu sahədə olan problemlər” mövzularında məruzə etmişlər.
Geniş diskussiya şəraitində keçirilən seminarda əməyin mühafizəsi işinin idarə olunması sisteminin tədqiq edilməsi və onun daha da təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səslənmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.